''Kuponomaniya'' və ya ''sərfəli aldım'' düşüncəsi 

''Kuponomaniya'' və ya ''sərfəli aldım'' düşüncəsi 
1595

Son zamanlar Azərbaycanda fəal İnternet və sosial şəbəkə istifadəçilərinin diqqəti endirimlər, kuponlar və alış-veriş məzmunlu resurslara cəlb olunub. Bu cür saytlar xaricdə məşhurlaşaraq kuponomaniya kimi ayrıca bir biznes-fəaliyyət sahəsinə çevriliblər. Son 2-3 il ərzində ölkəmizdə belə İnternet-biznes qurucuları onminlərlə tərəfdaş və müştəri toplayıblar. Kuponator adlanan bu saytların qısa bir müddətdə populyarlaşmasının arxasında nə dayanır? Onların işi hansı prinsipə əsaslanır? Ən vacibi, mağazaların, özəl tibb mərkəzlərinin, kosmetika və digər xidmət mərkəzlərinin vitrinlərində az-az göründüyü halda, İnternetdə bu dərəcədə sərfəli endirim təklifləri hardandı?

Buna haqqım var, ən yaxşısı “havayı” olsun

Azərbaycanda sadə istehlakçılar, başqa ölkələrdə olduğu kimi, havayı olan, demək olar ki, hər şeyi sevirlər. Xüsusən də əgər bu imkan sərfəli olmaqla yanaşı, həm də asanlıqla əldə edilən bir xidmətdir. Adətən böyük səbirsizliklə endirim mövsümünü gözləyirik, çünki hardasa alış-veriş dəlisiyik, qiymətlərə endirim olunan piştaxtaların qarşısında az qalıb donuruq. Həm alış-verişə, həm də endirimlərə olan bu sevgi “heç nədən pul qazananlar” üçün biznesin əsasına çevrilib. Kuponator-saytların sahibləri yaxşı bilirlər ki, məhsul və xidmət istehlakçıları endirimlərdə çox maraqlıdırlar. İnternetdə endirimlər hətta qandakı oksitosinin səviyyəsini belə artırır. Məlum olduğu kimi, bu hormon müsbət emosiyalara cavab verir və insanda xoşbəxtlik hissi yaradır. Qəribə gəlsə də, endirimlərin əldə olunması oksitosinin səviyyəsinə lap yaxın insanla ünsiyyətdən də çox təsir göstərir. Digər tərəfdən, kuponatorlar yaxşı anlayırlar ki, məhsul və xidmət göstərən şirkətlər də İnternetdə qrup şəklində müştərilərin cəlb edilməsində çox maraqlıdırlar. Məhz maraqların bu cür kəsişməsi nəticəsində kuponların satılması ideyası yaranıb. Əvvəllər endirim kuponları qəzet və jurnallarda çap olunurdu. Nəticədə nəşrin loyal oxucuları kuponları kəsərək endirimlə müxtəlif xidmətlərdən istifadə edə bilirdilər. İnformasiya texnologiyalarının güclü inkişafı sayəsində mümkün olan şəbəkə marketinqin yaranması isə son illərdə kuponların on-layn satılmasını mümkün etdi.

Hər şey nədən başladı?

Kuponların on-layn satışının yaradıcısı “Microsoft” şirkətinin əsasını qoyanlardan biri - Pol Allen hesab olunur. O, “Mercata” saytını istifadəyə verməklə bu biznesə qoşulub. Başqa bir mülahizəyə görə, eyni məhsul alan qrup istifadəçilər üçün endirimlərə görə ilk saytı çinlilər yaradıb. İnternet vasitəsi ilə kütləvi alış-verişlər Çində indi də populyardır. Kupon satışında ən irimiqyaslı xidmətlər göstərən sayt isə 2008-ci ildə ABŞ-dakı “Groupon” layihəsi oldu. Bir ildən sonra bu Çikaqo saytının xalis gəliri $150 milyon həcmində dəyərləndi. O vaxtdan bəri bütün dünyanı kuponomaniya dalğası bürüdü. Kuponator-saytlarının bumu Azərbaycana 2-3 il sonra gəlib çatdı.

Bu, necə işləyir?

Kupon xidmətinin məğzi belədir – hər gün saytda müxtəlif məhsul və xidmətlər üçün endirim aksiyası yerləşdirilir. Bu aksiyalar kinoteatr, restoran, gözəllik salonu, fitnes-mərkəzləri, mağazalar şəbəkəsi, səyahətlər agentlikləri tərəfindən keçirilir. Kupon əldə etmək üçün saytın ziyarətçiləri qeydiyyata düşürlər. Həmin kuponu çap edib və aksiyanı təklif edən şirkətlə əvvəlcədən tarixi və vaxtı razılaşdıraraq, 20%, 30%, 40%, 50% və ya daha çox endirimdən istifadə etmək mümkündür.

Endirim təklif edən şirkətlərin özləri üçün bu tip kampaniyalarda iştirak pulsuz reklam xarakteri daşıyır. Onlar kuponator saytlarına müraciət etməklə, bu xidmət və ya məhsuldan istifadə etməyə hazır olan yeni, həmçinin bugün kupon almağa hazır olmasa da aksiya və şirkət barədə məlumatı maraqla qarşılayan potensial müştəriləri cəlb etmək imkanı qazanırlar. Bundan başqa, kupon satıldığı üçün söhbət həm də gəlirdən gedir. Üstəlik kuponla gələn hər bir insan əlavə xidmətlər sifariş edərək, yerindəcə pulunu ödəyə bilər. Şirkətlərin əksəriyyəti məhz bizneslərində durğunluk baş verən zaman endirimlərə əl atırlar. Bu onları “sıfra” düşməkdən xilas edir.

İstehlakçılar və biznes sahiblərilə yanaşı, kuponatorlar özləri də hər bir endirimdən müəyyən faiz iqtisadi səmərə götürürlər. Hərçənd bəzi yalançı saytlar qiyməti bilərəkdən pərakəndə satışdan da çox yüksəldir. Bundan başqa, aksiyanın adı məqsədli şəkildə təhrif olunur və o, endirimin təqdim olunmasının bütün şərtlərini açıqlamır. Nəticədə aksiyanın yalnız “cəlbetmə” məqsədi daşıdığı məlum olur.

Buna baxmayaraq, kuponator-saytların işindəki bu və başqa nöqsanlar belə ucuz qiymətə keyfiyyətli məhsul və ya xidmət almaq üçün yeganə imkan kimi kuponlara inamı azaltmır. Məyusluqdan qaçmaq üçün kuponlarda qeyd olunan şərtləri diqqətlə öyrənmək lazımdır. Ən yaxşısı özünüz həmin şirkətə zəng vuraraq bütün detalları dəqiqləşdirin. Ehtimalların əksinə olaraq, kuponla gələn müştərilərə digər müştərilərdən pis münasibət göstərilmir. Onlara alacağı xidməti öz tanışlarına məsləhət görəcək potensial müştəri gözü ilə baxırlar.

Kuponatorlar – Azərbaycanda

Bugün Azərbaycanda bir neçə iri kuponator-saytı fəaliyyət göstərir. Onlardan besmart.az, multibon.az, poni.az, bonuslar.az, justsmile.az saytlarında qeydiyyatdan keçən istifadəçilərin məcmu sayı 100 min nəfərə çatır. Sadaladığımız saytların əksər hissəsi, əcnəbi kupon sistemini diqqətlə öyrənərək, xarici analoqların ən güclü tərəflərini mənimsəməyə və onları Azərbaycan istehlakçılarına uyğun adaptasiya etməyə çalışıblar.

Bu tip saytlarda kupon almaq istəyənlər bir neçə mərhələdən keçməlidirlər:

  • Qeydiyyata düşmək;
  • Xoşuna gələn aksiyanı seçmək;
  • Rahat ödəniş vasitəsini seçmək;
  • “Şəxsi” kabinetə giriş imkanı üçün kod əldə etmək.

Elektron formatda kupon bir qayda olaraq, istifadəçinin ödənişdən sonra Şəxsi kabinetində əks olunur. Bundan sonra onu dərc etmək və ya kodu götürməklə kifayətlənmək olar. Bu endirim əldə etmək üçün kifayətdir.

Kuponları sertifikatlarla səhv salmaq olmaz. Sertifikat - dəyəri artıq tam ödənilmiş xidmət və ya məhsulun alınmasını nəzərdə tutur və onun sahibi əlavə heç bir ödəniş aparmır. Öz növbəsində kupon istifadəçilərinə xidmət və ya məhsula görə standart qiymətdən daha az pul ödəməyə imkan yaradır. Kuponlar çox müxtəlif xidmət və məhsulları əhatə etdiyi üçün daha rahatdır. Üstəlik istifadəçi seçim üçün bir neçə varianta baxa bilər.

Yuxarıda sadaladığımız Azərbaycan saytlarındakı kupon aksiyalarını analiz edərkən, görə bilərik ki, qadınlar üçün nəzərdə tutulan məhsul və xidmətlərə tələbatlar daha çox istifadə olunur. Başqa tərəfdən etiraf etmək lazımdır ki, ortastatistik azərbaycanlı istehlakçı kupon onlayn-xidmətlərini sona qədər dərk etmir. Debet ödəniş kartları ilə bağlı aşağı statistika, internet-biznesə qarşı etimadsızlıq səviyyəsi hələ də qalmaqdadır. Amma bununla yanaşı, müsbət tendensiyalar da daxil olmaqla, onlayn ticarətin özünəxas xüsusiyyətləri formalaşıb. Məsələn, səyahət xidmətlərində endirimlərlə bağlı nəzərəçarpacaq inkişaf müşahidə olunur. Kuponator-saytlarının işində perspektiv istiqamətlərdən biri ölkənin regionları ola bilər.

Qeyd edək ki, Azərbaycanın İnternet-məkanında əvvəllər başqa kuponator-saytları da var idi. Sahənin ilklərindən və uğursuzlarından kuponum.az, bakupon.az, groople.az, kuponx.az, alkupon.az, bazinga.az saytlarının adını çəkmək olar. Bu bir daha sübut edir ki, kupon on-layın satış seqmenti özəl biznes kimi Azərbaycanda hələ də formalaşma mərhələsindədir. Kuponator-saytların sahibləri etiraf edirlər ki, son illərdə Azərbaycanda kütləvi alıcılar bazarının həcmi üç dəfə artıb. Bu isə bazarın perspektivli olmasını göstərir.

Kuponator-saytlarının heç də əsassız olmayan ümidləri ilə razıyıq, lakin unutmaq lazım deyil ki, bu sadəcə “uduzanları olmayan bir oyun” deyil. Bu biznesdə vacib rolu rahat satış mexanizmi oynayır. Endirim aksiyalarını kor-koranə şəkildə nüsxələmək yerinə, istehlakçı davranışlarının planlaşdırmaq, onların xidmətə loyallığını izlənmək, yüksək qiymətə olmayan lazımlı nəsə almaq imkanı verən və sayta yenidən qayıtmaq istəyi yaratmaq lazımdır. Kuponatorlar hər hansısa yeniliklərə əl atsalar da, biznesin saxlanması üçün gəlirin başlıca mənbəyi – müştərilər və onların istehlak arzularıdır. İstehlakçı davranışının loyal modelinə istiqamətlənmək daha çox arzuolunandır, ancaq bu nəticəyə nail olmaq elə də asan iş deyil.

Mənbə: http://www.biznesinfo.az